Cənub Qaz Dəhlizi layihəsi Xəzər dənizinin qaz ehtiyatlarını Avropa bazarlarına çatdırmaqla Avropanın enerji təchizatının artırılmasını hədəfləyir. Cənub Qaz Dəhlizi aşağıdakı dörd layihədən ibarətdir: (i) Şahdəniz qaz-kondensat yatağı (“SD1”) və onun tammiqyaslı işlənilməsi (“SD2”), (ii) Cənubi Qafqaz Boru Kəməri (“SCP”) və onun genişləndirilməsi (“SCPX”), (iii) Trans-Anadolu Boru Kəməri ("TANAP"), (iv) Trans-Adriatik Boru Kəməri (“TAP”) (SD2, SCPX, TANAP və TAP, birlikdə “Layihələr”). Tamamlandıqdan sonra SD2 layihəsi SD1 layihəsi çərçivəsində artıq mövcud olan 11 milyard kubmetr təbii qaz hasilat gücünə daha 16 milyard kubmetr təbii qaz hasilat gücü əlavə etdi. Yeni tikilən SCPX, TANAP və TAP boru kəmərlərinin uzunluğu ümumilikdə 3,200 kilometrdən artıqdır.
Azərbaycan Respublikasının Layihələrdəki iştirak paylarının saxlanılmasını, idarə edilməsini və maliyyələşdirilməsini "Cənub Qaz Dəhlizi" QSC həyata keçirir.