Xatırladaq ki, TANAP Türkiyə-Gürcüstan sərhədində birbaşa SCP ilə birləşir, Türkiyə-Yunanıstan sərhədində isə TAP-la birləşəcəkdir. TANAP-la bağlı Azərbaycan və Türkiyə respublikaları arasında Anlaşma Memorandumu 24 dekabr 2011-ci il tarixində imzalanmışdır. TANAP layihəsi üzrə Türkiyə Respublikası və TANAP şirkəti arasında “Tranzit Ərazisinə Malik Ölkənin Hökuməti ilə Saziş” və Azərbaycan ilə Türkiyə respublikaları arasında “Hökümətlərarası Saziş” 26 iyun 2012-ci il tarixində imzalanmış və hər iki dövlətin müvafiq hüquqi instansiyaları tərəfindən ratifikasiya olunmuşdur.
TANAP layihəsi nəinki Şahdəniz yatağından, eyni zamanda Azərbaycan ərazisindəki digər qaz yataqlarından da hasil ediləcək təbii qazın nəqli potensialına görə əhəmiyyətli iqtisadi dəyərə sahibdir. TANAP-ın təməlqoyma mərasimi 17 mart 2015-ci il tarixində keçirilmişdir. Boru kəmərinin uzunluğu 1,793 km (və əlavə 2 ədəd 18.785 km-lik Çanaqqala Boğazından keçən sualtı kəmər) təşkil edir və 30 iyun 2018-ci il tarixində fəaliyyətə başlamışdır. İlkin nəql qabiliyyəti illik 16.2 milyard m3 olmuşdur (illik 31 milyard m3-ə kimi artırıla bilər). Keçirilmiş sınaqlar əsasında illik ötürmə qabiliyyəti 17.5 milyard m3 müəyyən edilmişdir.